Arduino Uno haqqında məlumat
Əvvəlcədən bilməniz lazımdır ki, bu yazıda haqqında danışılan mövzular gələcəkdə daha da açıq şəkildə izah ediləçək. Burada yazılanlar, Arduino Uno kartı haqqında fikir formalaşdırmaq üçündür.
Müxtəlif Arduino kartları mövcuddur. Bunlardan bəzilərini #1 Giriş dərsində gördük. Dərslər Arduino Uno kartı üzərindən izah edildiyi üçün bu kartı yaxından tanıyaq.
Haqqında danışdığımız kart, Arduino-nun ən məşhur kartıdır. UNO italyanca "bir" deməkdir. İlk kartı etiketləmək üçün, UNO adından istifadə edilib. Bu, həm də Arduino tərəfindən istehsal olunan ilk USB -li kartdır. Müxtəlif layihələrdə istifadə olunan güclü kart hesab olunur.
Bu kart ATmega328P mikrokontrolleri ilə təchiz olunub. Arduino Mega və s. kimi kartlarla müqayisədə istifadəsi daha asandır. Kart rəqəmsal və analoq Giriş/Çıxış pinlərindən (I/O) ibarətdir.
6 analoq pin, 14 rəqəmsal pin, USB konnektor, qidalanma konnektoru (DC Jack) və ICSP (In-Circuit Serial Programming) başlığı daxildir.
Kart üzərindəki komponentlər.
ATmega328 Mikrokontrolleri - ATmel ailəsinin tək çipli Mikrokontrolleridir. İçərisindəki prosessor 8 bitlikdir. Daxilində (SRAM, EEPROM və Flash), Analoq-Rəqəm çevirici, SPI interfeysi, Giriş-Çıxış pinləri, registrlər, taymer, xarici və daxili kəsmələr və kristal osilyatoru birləşdirir .
ICSP pin - In-Circuit Serial Programming pinləri istifadəçiyə kartı USB-dən əlavə bu pinlər vasitəsi ilə də proqramlaşdırma imkanı verir.
Qida İndiqatoru LED. LED-in yanmağı kartda gücün aktiv olduğunu göstərir. Enerji kəsildikdə, LED yanmayacaq.
Rəqəmsal Giriş/Çıxış Pinləri - Rəqəmsal pinlər HIGH və ya LOW dəyərinə malikdir. D0-dan D13-ə qədər nömrələnmiş pinlər rəqəmsal pinlərdir.
RX və TX LED-ləri - UART xəbərləşməsi zamanı uğurlu məlumat ötürülməsi, bu LED-lərin yanması ilə təmsil olunur.
AREF- Analoq Referans (AREF) pin, xarici enerji mənbəsindən Arduino UNO kartının analoq dəyərləri oxumaq üçün istinad gərginliyini təmin etmək üçün istifadə olunur.
Reset Düyməsi - Arduino Uno kartını yenidən başlatmaq üçün istifadə edilir.
USB - Bu, kartın kompüterə qoşulmasına imkan verir. Arduino UNO kartının proqramlaşdırılması üçün vacibdir.
GND - pinləri. Bu pinlər sıfır gərginlikli pinlərdir.
Vin - Kartın üzərində olan USB və qidalanma girişindən (DC Jack) əlavə olaraq, kartı qidalandırmaq üçün ayrılmış pindir.
Analoq Pinlər- A0-dan A5-ə qədər nömrələnmiş pinlər analoq pinlərdir. Analoq pinlərin funksiyası istifadə olunan analoq sensorlardan gələn dəyərləri oxumaqdır. Bu pinlər, həmçinin GPIO (General Purpose Input Output) pinləri kimi də istifadə edilə bilər.
İstifadəçi LED-i- Kart üzərinə montaj edilmiş istifadəçi LED-idir. Kod vasitəsi ilə bu LED-i yandırıb söndürmək mümkündür.
3.3V - Karta qoşulmuş, 3.3 Volt gərginlik ilə işləyən sensorları və modulları qidalandırmaq üçün istifadə edilir.
5V - Karta qoşulmuş, 5 Volt gərginlik ilə işləyən sensorları və modulları qidalandırmaq üçün istifadə edilir.
Texniki Xüsusiyyətləri
20 ədəd Giriş/Çıxış pinləri mövcuddur. Bu 20 pinə 6 PWM, 6 analoq və 8 rəqəmsal giriş/çıxış pinləri daxildir.
Mövcud olan kristal 16MHz tezliyindədir.
Giriş gərginliyi 7Volt ilə 20Volt arasında dəyişir.
Həm USB həm də Qidalanma girişindən qidalana bilər.
Yuxarıda yazılanlar Arduino Uno nun orijinlar versiası üzərindən göstərilib. Dərslərimiz Arduino Uno nun klon versiası üzərinən izah ediləcəyi üçün, klon və orijinal kartlar arasındakı bir neçə kiçik fərqlərə baxaq.
Orijinal Uno üzərində, kompüter və kart arasındakı xəbərləşməni təmin etmək üçün ATmega 16U2 mikrokontrolleri istifadə edildiyi halda, klon versiyası üzərində bu kontroller çin istehsalı ch340 mikrosxemi ilə əvəz edilib. Digər fərq isə klon kart üzərindəki mikrokontrollerin Atmega328 in SMD versiyası ilə əvəz edilməsidir. Bu dəyişikliklər klon kartların işləməsində və performansında heçbir problem yaratmır. Orijinan kartlar ilə hazırlanan proektlər heçbir problem olmadan klon kartlar ilə də çalışır.
Arduino-nun rəsmi saytından Arduino Uno haqqında ətraflı məlumat ala bilərsiniz.